Badmintonçularımız Lüksemburqda keçirilən beynəlxalq turnirdə iştirak edib

Badmintonçularımız Lüksemburqda keçirilən beynəlxalq turnirdə iştirak edib
9 May 2022 г.
Lüksemburqda "YONEX Luxembourg Open 2022" beynəlxalq turnirinə yekun vurulub. Turnirdə çıxış edən Ezmi Qovimuramadhoni və Era Maftuha şəxsi və qarışıq qoşa kateqoriyalarında ölkəmizi təmsil edib.

Ezmi Qovimuramadhoni-Era Maftuha tandemi qarışıq qoşa yarışında təsnifatdan əsas mərhələyə yüksəlməyi bacarıb. İlk görüşündə Nikolas Frankonville-Vera Appenzeller (İsveçrə) qoşasına 2:1 (23-25,21-14,27-25) hesabı ilə qalib gələn badmintonçularımız növbəti qarşılaşmada Oskar Reuterhall-Fiona Hallberg (İsveç) tandemini 2:0 (21-15,21-16) hesabı ilə məğlub edib. Ezmi və Era 1/16 finalda indoneziyalı Putra Muh-Rosalia Puspa qoşasına 0:2 (13-21,13-21) hesabı ilə məğlub olub.

Ezmi kişi badmintonçuların şəxsi kateqoriyasında əsas mərhələdə keçirdiyi ilk görüşdə danimarkalı Yager Jonasa 1:2 (12-21,21-15,17-21) hesabı ilə uduzub.

Era isə qadın badmintonçuların şəxsi kateqoriyasında təsnifat mərhələsində ilk görüşündə Sesilia Vanqı (İsveç) 2:1 (21-23,21-13,21-11) hesabı ilə məğlub edib. Era əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə Odijk Diedeyə (Niderland) 0:2 (17-21,11-21) hesabı ilə məğlub olub.

Xəbərlər siyahısına qayıt